Xocavənd rayonu


Xocavənd rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq hissəsində yerləşir. Sahəsi 1460 km2, əhalisi 44,1 min nəfər (1 yanvar, 2020-ci il). İnzibati mərkəzi Xocavənd şəhəridir. Rayonun ərazisi 2 oktyabr 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
Rayona Xocavənd şəhəri, Hadrut, Qırmızı Bazar qəsəbələri və Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeycartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşcular, Kəndxurd, Müskapat, Quzumkənd, Qarəzəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zərdanaşen, Xətai kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim Azıx mağarası (təqr. 1,2 min. il əvvəl), qalalar (l-VIII əsrlər), alban məbədi (X əsr), türbə (XIII əsr) və s. mövcud olub. 27 sentyabr-9 noyabr 2020-ci il tarixində Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi işğaldan azad edilmişdir.


Amaras monastır kompleksi


Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.
Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır.
Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir.
Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.
Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.


Azıx mağarası


Azıx – Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Xocavənd rayonunda 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsinə Azərbaycan alimləri 1960-cı ildən başlamışlar. 1968-ci ildə burada ibtidai insanın alt cənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövru) tarixi vardır. Dünyada bu, üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşlar. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.
Azıx mağarası hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənilərin hazırda “Azox” adlandırdıqları bu mağarada Ermənistan Elmlər Akademiyasında çalışan arxeoloqlar “tədqiqat” aparır, “ən qədim erməninin” burada yaşadığını “sübut etməyə” çalışmışlar. 9 noyabr 2020-ci ildə Azıx kəndi işğaldan azad edilmişdir.


Tağlar mağara düşərgəsi


Tağlar mağara düşərgəsi Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir, özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. 9 noyabr 2020-ci ildə Tağlar kəndi işğaldan azad edilmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Alban məbədi1170-ci ilHadrut qəsəbəsi
Alban məbədi1147-ci ilMəmmədzar kəndi
Alban məbədi1197-ci ilTuğ kəndi
Qırmızı məbəd1000-ci ilTuğ kəndi
Alban məbədi1094-cü ilZoğalbulaq kəndi
Alban məbədi900-cü ilTuğ kəndi, Vəng ərazisi
Alban məbədi1131-ci ilSakuri kəndi
Alban məbədiIV-VI əsrlərSüsənlik kəndi
Alban məbədiIV-VI əsrlərSüsənlik kəndi
Qala Çaylaqqala kəndi
Məbəd1635-ci ilTağaser kəndi
Dini kompleksXIII əsrSor kəndi
Qala Sor kəndi
Məbəd1241-ci ilBöyük Tağlar kəndi
Alban məbədi1236-cı ilGüneyçartar kəndi
Alban məbədi995-ci ilQavahın kəndi
Alban məbədiIV əsrMaçqalaşen kəndi
Alban məbədi701-ci ilÇörəkli kəndi
Alban məbədiVIII əsrÇörəkli kəndi
Alban məbədiV əsrÇörəkli kəndi
Kilsə1270-ci ilÇörəkli kəndi
KilsəXII əsrÇörəkli kəndi
Amaras monastırıIV əsrCütçü kəndi
MəbədXII əsrŞıx Dursun kəndi
Alban məbədi675-ci ilTağaverd kəndi
QalaIII əsrTağaverd kəndi
Bağır xan məbədiXII əsrCəmiyyət kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Nərgiztəpə yaşayış yeriilk və orta tunc dövrüXocavənd şəhərindən şərqdə
Nekropolson tunc və ilk dəmir dövrüDolanlar kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
MəbədXIV əsrDolanlar kəndi
Məbəd Ataqud kəndi
TürbəXVII əsrXocavənd qəsəbəsi
Kilsə (məbəd)XVII əsrTağaverd kəndi
MəbədXVIII əsrHadrut qəsəbəsi
MəbədXIII əsrTuğ kəndi
Məbəd1747-ci ilTuğ kəndi
KörpüXVIII əsrTuğ kəndinin yaxınlığında
Ağ kilsəXVII əsrVəng kəndi
Məbəd1664-cü ilQarqar kəndi
MəbədXVII əsrSakuri kəndi
MəbədXVII əsrSur kəndi
Qala Çanaxçı kəndi
Məbəd Xsaberd kəndi
Məbəd Tağaser kəndi
KilsəXVII əsrArakül kəndi
MəbədXVIII əsrDomı kəndi
MəbədXIX əsrŞaqah kəndi
Məbəd1896-cı ilNoraşen kəndi
Məbəd Banazur kəndi
MəbədXIX əsrKemrakuç kəndi
MəbədXIX əsrQoçbəy kəndi
Məbəd Çıraquz kəndi
Məbəd Xırmançıq kəndi
Məbəd Anaku kəndi
Məbəd1698-ci ilAğcakənd kəndi
MəbədXVII əsrZamzur kəndi
Məbəd Məlikcanlı kəndi
Məbəd Bulutan kəndi
Məbəd Edilli kəndi
Məbəd Düdükçü kəndi
Məbəd Ağbulaq kəndi
Məbəd Tək kəndi
MəbədXVII əsrAzıx kəndi
MəbədXIX əsrBünyadlı kəndi
Məbəd Daşbaşı kəndi
MəbədXIII əsrDolanlar kəndi
Türbənin sərdabə hissəsiXII-XIII əsrDolanlar kəndi
Albanbendi kilsəsiXVII əsrQarakənd kəndi
Türbə Hatek kəndi

BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Böyük Vətən müharibəsində
həlak olmuş həmvətənlərimizin
xatirə abidəsi
 Xocavənd qəsəbəsi