Ağdam rayonu


Ağdam rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalıqlarının cənub-qərbində yerləşir. Sahəsi 1150 km2, əhalisi 204,0 min nəfər (1 yanvar, 2020-cı il). Mərkəzi Ağdam şəhəridir. Ağdam şəhəri və rayonun əksər hissəsi 23 iyul 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri iğaldan azad olunmuşdur.
Rayona Ağdam şəhəri, Quzanlı qəsəbəsi, 17 yeni salınmış qəsəbə (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Ergi, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) və Şotlanlı, Şurabad, Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalar, Abdunlu, Sırxəvənd, Qaraşlar, Bəşirlər, Məlikli, Bas Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazancı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturanlı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəlbəhüseyinli, Birinciyüzbaşılı, İkinciyüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədədli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxurməhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıllı Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağbanlar, Saybalı, İsmayılbəyli, Pirzadlı, Muğanlı, Şıxlar, Nəmirli, Təzəkənd, Məlikli, Mərzili kəndləri daxildir.
Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. İşğaldan əvvəlki dövrdə Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir.
İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.


Ağdam Cümə məscidi


Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmişdir Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayı Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır.
Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq — inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.
1993-cü ilin iyul ayında Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi də digər tikililər kimi dağıdılmışdı.
20 noyabr 2020-ci ildə Ağdam Cümə məscidi də işğaldan qurtulmuşdur.


Ağdam Çörək muzeyi


1983-cü il noyabr ayında fəaliyyətə başlayan Ağdam Çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub.
Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın Çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyəndi. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirmişdir. Yüzə qədər xalqın çörək nümunələri əldə edilmişdi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə vermişdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərilmişdi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplanmışdı.
1992-ci il avqust ayının 12-də ermənilərin atdığı “Qrad” mərmisi Agdam Çörək muzeyinin fəaliyyətinə son qoydu. Hazırda xaraba qalan bu muzeyin şəklini xarici jurnalistlər çəkərək müxtəlif saytlarda yerləşdirmişlər.
20 noyabr 2020-ci ildə Ağdam şəhəri işğaldan azad edilmişdir.


Çay evi


Ağdam şəhərində «Çay evi»nin açılış mərasimi 1986-cı ilin iyulun 26-da keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi. Ağdam işğal edilən zaman Çay evi tamamilə dağıdılmışdır.
20 noyabr 2020-ci ildə Ağdam şəhəri işğaldan azad edilmişdir.


İmarət qəbiristanlığı


XVIII – XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.
20 noyabr 2020-ci ildə Ağdam şəhəri işğaldan azad edilmişdir.


Qutlu Musa türbəsi


Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında «Sarı Musa türbəsi » adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşmış, həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılmışdır. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var.
1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər.
20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad edilməsi nəticəsində Qutlu Musa türbəsi də işğaldan qurtulmuşdur.


Pənahəli xanın imarəti


Pənahəli xan imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan — Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. İmarətin bir-birinə perpendikulyar şəkildə inşa edilmiş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. Bu evlər baş fasadları ilə həyətə açılırmış.
İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur.
Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqdan ibarət həcmlər birləşmişdir. Otaqlar tağbəndlə örtülüdür.
XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun cənuba yönəlmişdir.
İmarətin ikinci binası planda uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə — şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür.
20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad edilməsi nəticəsində Pənahəli xanın imarəti də işğaldan qurtulmuşdur.


Şahbulaq sarayı


Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan saray kompleksi 1751-1752-ci illərdə inşa edilmişdir. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Şahbulaq saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.
Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır.
2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edildikdən sonra erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etdilər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Həmin vaxta qədər erməni alimləri birmənalı olaraq bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində Diyarbəkir şəhərinin yaxınlığındadır.
Deməli, ermənilərin “qədim paytaxtları” da gizlicə sürüşə-sürüşə gəlib Şahbulaq yaylağına çıxıbmış.
20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad edilməsi nəticəsində Şahbulaq sarayı da işğaldan qurtulmuşdur.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Məscid1868-cı ilAğdam şəhəri, M. F. Axundov küçəsi
MəbədVI-VIII əsrlərŞahbulaq kəndi
MəbədVI əsrKəngərli kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Çıraqtəpə yaşayış yeritunc dövrüAğdam şəhəri
Qarahacı yaşayış yeriİlk tunc dövrüAğdam şəhəri
Qarahacı nekropolutunc dövrüAğdam şəhəri
Vəlixantəpə yaşayış yeriEneolitAğdam-Ağcabədi yolunun 1,5 km-də
Kurqantunc dövrüNovruzlu kəndi
İlanlı təpə yaşayış yerieneolit-dəmir dövrüBaş Qərvənd kəndi
Yaşayış yeriAntik dövrüQərvənd kəndi
Kurqan çölüe.ə. II-I minilliklərBoyəhmədli kəndi
Boyəhmədli kurqanları (80-ə qədər)ilk tunc dövrüBoyəhmədli və Kəngərli kəndlərinin arasında
Gavurqala yaşayış yeriilk orta əsrlərBoyəhmədli kəndinin cənubunda
Daş qutu nekropoluilk orta əsrlərBoyəhmədli kəndi
Papravənd-Boyəhmədlitunc və dəmir dövrüBoyəhmədli kəndi
Qarapirim təpələritunc və ilk dəmir dövrüQarapirim kəndi
Güllütəpə—1 yaşayış yeriIII-XIII əsrlərPapravənd kəndi
Güllütəpə-2 yaşayış yerison tunc dövrüPapravənd kəndinin cənub-şərqində
Misir qışlağı yaşayış yerison tunc-ilk dəmir dövrüPapravənd kəndi
Kurqanlarson tunc-ilk dəmir dövrüPapravənd kəndi
Qala qalıqlarıorta əsrlərTarnaut kəndi
Yaşayış yerie.ə.V-II minilliklərMərzili kəndi
Nekropolorta əsrlərKəngərli kəndi
NekropolAntik dövrSeyidli kəndi
Yaşayış yeriAntik dövrƏlimədətli kəndi
Yaşayış yeriAntik dövrGöytəpə kəndi
Göytəpə yaşayış yeritunc dövrüGöytəpə kəndi
Göytəpə kurqanlarıtunc dövrüGöytəpə kəndi
Yaşayış yeriAntik dövrSarıhacılı kəndi
Çinartəpə yaşayış yerie.ə. II-I minilliklərSarıhacılı kəndi
Yaşayış yeriAntik dövrƏhmədavar kəndi
Yaşayış yeriAntik dövrPoladlı kəndi
Qasımtəpə yaşayış yeriilk tunc dövrüQiyaslı kəndi
Çinartəpə yaşayış yeritunc dövrüŞelli kəndi
Xızmantəpə kurqanıilk tunc dövrüÇuxurməhlə kəndi
Hüseyntəpə kurqanlarıilk tunc dövrüÇuxurməhlə kəndi
Çuxurməhlə kurqanlarıilk tunc dövrüÇuxurməhlə kəndi
Qaratəpə yaşayış yerison tunc-ilk dəmir dövrüŞıxbabalı kəndi
Gülablı kurqanlarıson tunc-ilk dəmir dövrüGülablı kəndi
Maqsudlu kurqanlarıtunc dövrüMaqsudlu kəndi
Töyrətəpə kurqanlarıtunc və dəmir dövrüGüllücə kəndi
Karvansara təpə və Çapar
yeri yaşayış yeri
ilk orta əsrlərGüllücə kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Pənah xanın imarətiXVIII əsrAğdam şəhəri, 20 Yanvar küçəsi
Pənah xanın türbəsiXIX əsrAğdam şəhəri
Xanoğlu türbəsiXVIII əsrAğdam şəhəri
TürbəXIX əsrAğdam şəhəri
Sərdabə Ağdam şəhəri, 20 Yanvar küçəsi
Qalanın xarabalıqları Gülüstan kəndinin cənub-şərq tərəfində
Qala qalıqlarıXII-XIII əsrlərMaqavuz kəndinin 8 kilometrliyində
Hatəm Məlik qalası Qasapet kəndinin 5 kilometrliyində
Körpü Madaqiz kəndi
Yegiş Arakel məbədiXII əsrMadaqiz kəndi
Ureq məbədiXII əsrTalış kəndinin qərbində
Körpü Tərtər çayının üzərində
MəbədXIII əsrTərtər çayının yuxarı axarında
MəbədXIII əsrMaqavuz kəndi
Kilsə Cerabert kəndi
Qala Cerabert kəndi
Cermuq qalası Cerabert kəndi
TürbəXVIII əsrPapravənd kəndi
TürbəXVIII əsrPapravənd kəndi
MəscidXVIII əsrPapravənd kəndi
MəscidXVIII əsrPapravənd kəndi
İqamətgahXVIII əsrŞahbulaq kəndi
KarvansaraXVIII əsrŞahbulaq kəndi
BürcXVIII əsrŞahbulaq kəndi
MəbədXV əsrMaqsudlu kəndi
TürbəXVIII əsrMaqsudlu kəndi
MəscidXVIII əsrQiyaslı kəndi
MəbədXVI əsrSalahlı Kəngərli kəndi
MəscidXIX-XX əsrlərBoyəhmədli kəndi
TürbəXIV əsrKəngərli kəndi
TürbəXIX əsrAğdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında
TürbəXIX əsrAğdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında
Uğurlu bəyin türbəsiXIX əsrAğdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında
TürbəXIX əsrAğdam şəhərinin 5 kilometrliyində,
Qaraağac qəbiristanlığında
Xanoğlu (Mehdiqulu xanın
oğlu Cavanşir Xəlil) məqbərəsi
XIX əsrAğdam şəhəri, 20 Yanvar küçəsi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Gavurqala şəhərgahıorta əsrlərSofulu kəndi
Qəbiristanlıqorta əsrlərPapravənd kəndi
Qədim qəbiristanlıqorta əsrlərQızıllı Kəngərli kəndi

BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Xurşud Banu Natəvanın qəbirüstü abidəsi Ağdam şəhər, “İmarət” qəbiristanlığında
Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi1985Ağdam şəhəri, 28 May küçəsi