Qubadlı rayonu


Qubadlı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 800 km2, əhalisi 41,6 min nəfər (1 yanvar, 2020-ci il). Mərkəzi Qubadlı şəhəridir. Rayon 31 avqust 1993-cü il tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci il sentyabrın 27- noyabrın 9-u tarixlərində Qubadlı şəhəri və rayonun 41 kəndi erməni işğalından azad edilmişdir.
Rayona Qubadlı şəhəri, Əliquluuşağı, Mahmudlu, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənlı, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaxlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaqlı, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qilican, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Basarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərcik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskənlı, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Үuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli, Qundanlı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 62 ümumtəhsil məktəbi, kitabxana, klub, 4 xəstəxana və s. fəaliyyət göstərmiş, rayon ərazisində memarlıq abidələrindən mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr (XIV- XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il) və s. qeydə alınmışdır.


Dəmirçilər kəndindəki türbələr


Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində iki qülləvarı türbə vardır. Onlardan birincisi dağ çayı Ağaçayın sağ sahilində yerləşir. Türbə planda səkkizbucaqlı formadadır (bir tərəfi 1,9 m). İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılıb. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənib.
Türbənin iç hündürlüyü 4,5 metrdir.
Türbənin bütün xarici üzləri Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan çiyinli dayaz tağlar şəklində işlənib. Şərq və qərb tağçalarının ortasında kiçik pəncərə gözləri qoyulub.
Qapı gözü yer səviyyəsindən 1,2 metr yüksəklikdədir. Türbənin 5 metrə yaxın olan prizmatik korpusu səkkizüzlü piramidalı günbəzlə örtülmüşdür. Bu günbəzlə iç sferik günbəzin arası boş küplərlə doldurulmuşdur.
İkinci türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasındadır. Əlverişli yerinə görə türbə hətta uzaq yerlərdən də yaxşı görünür. Onun da planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,4 metrdir). Tikinti materialı, inşaat texnikası və memarlıq həllinə görə, bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kameranın iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,9 metrdir), xarici üzlərindəki çiyinli dayaz tağçaların forması isə bir qədər fərqlidir. Bu türbələrin hər ikisi XIII—XIV əsrlərin abidələri hesab edilir. 2020-ci ildə işğaldan azad edilmişdir.


Hacı Bədəl körpüsü


Körpü XIX əsrdə Dəmirçilər kənd sakini fitri istedad sahibi olan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikdirilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunmuşdur. Bu körpü 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin etmişdir.
Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Tağbənd formasında tikilmiş körpünün ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.
Bu tarixi abidə Qubadlının işğalına qədər olduğu kimi qalırdı. 2020-ci ildə işğaldan azad edilmişdir.


Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi


Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi 1980-ci il may ayının 6-da fəaliyyətə başlayıb. Muzeydə 1993-cü ilə qədər 5 mindən artıq eksponat qorunub saxlanırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Muzeydə həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi.
Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.
1993-cü ildə rayon erməni silahlı qüvvələri tərəfindən işğal olunanda muzeydə olan bütün maddi-mədəniyyət nümunələri işğal zonasında qalmışdı. 2020-ci ildə işğaldan azad edilmişdir.


Laləzar körpüsü


Körpü Qubadlı rayonu Əliquluuşağı kəndində yerləşir. Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilmişdir. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü isə düz bir formada salınmışdır. Bərguşad çayı üzərində, hər iki dayağı hündür qayalara söykənən Laləzar körpüsünü bəzi tədqiqatçılar XVIII əsrə aid edirlər. Eni 2,8 pm, qabariti 5 pm olan körpü su səthindən 4,5 metr hündürlükdə yerləşir. 2020-ci ildə işğaldan azad edilmişdir.


Məmər kəndində məscid


Məscid Qubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa еdilmişdir. Sоvеt hakimiyyəti dövründə anbar binası kimi istifadə olunmuşdur. Müstəqillik əldə еdildikdən sоnra həmin məscid bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirirdi. Rayon erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdı. 30 oktyabr 2020-ci ildə Məmər kəndi işğaldan azad edilmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ


Abidənin adı
TarixiYerləşdiyi ünvan
Göy qalaV əsrƏliquluuşağı kəndi
Laləzar körpüsü1867-ci ilƏliquluuşağı kəndi
TürbəXVII əsrGürcülü kəndi
1 nömrəli türbəXIV əsrDəmirçilər kəndi
2 nömrəli türbəXIV əsrDəmirçilər kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
BulaqXIX əsrƏliquluuşağı kəndi
Bulaq Əliquluuşağı kəndi
“Qalalı” qalası Əliquluuşağı kəndi
“Qalalı” qalası (yeraltı keçidlə)V əsrMuradxanlı kəndi
Şirin bulaq Məmər kəndi
BulaqXIX əsrDəmirçilər kəndi
Mədət bulağıXIX əsrMahmudlu kəndi
MəscidXIX əsrDəmirçilər kəndi
MəscidXIX əsrDondarlı kəndi
Hacıbədəl körpüsü Dondarlı kəndi
Cavanşirin türbəsiXIV əsrYazı düzü
“Qalacid” qalası Xocamusaxlı kəndi
TürbəXVIII əsrXocamusaxlı kəndi
MəscidXVIII əsrYusifbəyli kəndi
TürbəXVIII əsrBoyunəgər kəndi
MəscidXVIII əsrMollalı kəndi
MəscidXVIII əsrMirlər kəndi
MəscidXVIII əsrMəmər kəndi
Məscidin qalıqlarıXV-XVI əsrlərXələc kəndi
Məbəd Məzrə kəndi
MəscidXIX əsrMahrızlı kəndi
KörpüXIX əsrMahmudlu kəndi

DEKORATİV-TƏTBİQİ SƏNƏT NÜMUNƏLƏRİ (xalq daş-heykəltəraşlıq abidələri)

Abidənin adıTarixiYerləşdiyi ünvan
Daş qoyun fiquruXV əsrMahmudlu kəndi
Daş sandıqIX-X əsrlərMəmər kəndi